Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

Azarkeşlərin sualları cavablandırıldı

Bildiyiniz kimi, 9 dekabr tarixdə “Xəzər Lənkəran” Mərkəzi Stadionunda klubun rəhbərliyi və xəzərsevərlər arasında görüş keçirilib. Görüşdə klubun vitse-prezidenti Tuyqun Nadirov və icraçı direktoru Höccət Hacıyev azarkeşlərin “Xəzər Lənkəran”da olan son vəziyyət barədə verdiyi sualları cavablandırmaqla bir çox məsələlərə aydınlıq gətiriblər. Görüşdə iştirak edən azarkeşlər bu imkanı yaratdığına görə klub rəhbərliyinə təşəkkür ediblər.
 
Əvvəlcədən elan verdiyimiz kimi, görüşə gələ bilməyənlərə öz suallarını internet vasitəsilə vermək imkanı yaradılmışdır. Onlayn şəkildə ünvanlanan suallara “Xəzər Lənkəran” vitse-prezidenti Tuyqun Nadirov cavab verir:
 
Yeni baş məşqçi Cüneyt Biçer komandaya müvəqqəti olaraq gətirilib və ya baş məşqçi kimi təyin olunub? Nəyə görə Nazim Süleymanov kimi meşqçi olduğu halda başqa bir məşqçiyə etibar edirik?
 
Cüneyt Biçerlə yanaşı digər mütəxəssislərin də namizədliyi nəzərdən keçirilmişdi. Bunlar bir neçə yerli və həmçinin Ukraynadan və Rusiyadan olan məşqçilər idi. Lakin bu namizədlərin əsas şərtlərindən biri heyətin böyük hissəsinin dəyişdirilməsi idi. Cüneyt Biçer isə artıq bu komandaya yaxın olan bir mütəxəssisdir və o, mövcud heyətlə işləməyə hazırdır. Bundan əlavə bu məşqçi artıq Azərbaycan futboluna da bələddir, odur ki, onun üçün Premyer Liqa klubunda işləmək yenilik deyil. Bunları nəzərə alaraq, Biçeri komandanın tam hüquqlu baş məşqçisi kimi təyin etdik.
 
Nazim Suleymanov çox hörmət etdiyimiz məşqçilərdəndir. Komandanın ilk baş məşqçisi də məhz bu mütəxəssis olub. Bildiyiniz kimi, o artıq iki dəfə bu postda çalışıb. Lakin bu dəfə namizədlər sırasında onun adı olmayıb.
 
O hansı altı futbolçudur ki, Mirça Rednik onlardan şikayət edib?
 
Onu bildirmək istəyirəm ki, son günlərdə Mirça Rednikin bir qrup azarkeşlə görüşdüyü haqqında məlumatlar yayılıb. Həmin görüşə istinad olunaraq, komanda barəsində müxtəlif söhbətlər ictimaiyyətdə yer alıb. İlk növbədə qeyd edək ki, bu tip məlumatlar ciddi hesab oluna bilməz. Nəzərə almaq lazımdır ki, bu sözlər heç bir müsahibə əsnasında deyilməyib və mətbuata açıqlamada yer almayıb.
 
“İnter”lə oyun bitdikdə və həmin oyundan bir gün sonra Rednik klub prezidenti ilə görüşüb. Bu görüşdə o, postunu tərk etməsi ilə bağlı bütün sənədləri imzalayıb. Hər hansı bir şikayəti, narazılığı olduğu halda, o bunu birbaşa klub rəhbərliyinə söyləyərdi.
 
Bilirsiniz ki, Rednikin komandanı tərk etməsi qarşılıqlı razılıq əsasında baş tutub. Yəni o klub rəhbərliyinə bildirib ki, onun getməsi daha məqsədəuyğun olar. Məşqçi korpusu və oyunçular arasında münasibətlərdə problem olduğuna gəldikdə onu deyə bilərik ki, “Xəzər Lənkəran”da klub rəhbərliyi heç vaxt komandanın daxilində olan münasibətlərə qarışmır. Tərəfimizdən məşqçilərə hər zaman etimad göstərilib, Rednik və onun məşqçi heyəti də istisna deyil. Heyətdə olan futbolçular da məhz baş məşqçinin komandada görmək istədiyi futbolçulardır. Bu səbəbdən, oyunçuların klub rəhbərliyinə baş məşqçidən şikayət etməsi haqqında söhbətlər əsassızdır. Bizim klubun siyasəti belə faktların yer almasını mümkünsüz edir.
 
“Xəzər Lənkəran”ın iki ev oyununa azarkeş buraxılmayacaq. Bu cəza yüngülləşə bilər?
 
AFFA Nizam-İntizam komitəsi “Xəzər Lənkəran” – “İnter” oyununda meydana yad əşyaların atılmasının bir neçə dəfə təkrar olunduğunu, və bu əşyalardan birinin qonaq komandanın baş məşqçisinə xəsarət yetirməsini əsas götürməklə bizim stadionu iki oyunluq diskvalifikasiya etdi. Bu qərar çıxandan dərhal sonra tərəfimizdən apellyasiya şikayəti verilsə də, bu şikayət təmin olunmadı. Biz klub olaraq bu tip neqativ halların qəti əleyhinəyik. Lakin mövsümün geridə qalan hissəsi ərzində bu cür və bundan da ağır halların baş versə də, yalnız bizim stadion bu dərəcədə ağır sanksiyaya məruz qalıb. Klubumuz rəhbərlik səviyyəsində oyundan dərhal sonra “İnter“ klubuna və klubun baş məşqçisinə üzrxahlığını bildirdi. Hadisəyə səbəbkar olan şəxsin tapılmasında və hüquq-mühafizə orqanlarına təhvil verilməsində tərəfimizdən maksimum səy göstərildi. Onu da qeyd edək ki, klubumuz kifayət qədər maddi cərimə də edildi.
 
Bütün bunlarla yanaşı “Xəzər Lənkəran”a olduqca sərt cəzanın verilməsi ikili standartların tətbiq olunmasını nümayiş etdirir. Mövsüm ərzində stadionlarda daha kütləvi şəkildə intizamsızlıq faktları yer alsa da, heç bir klub ev oyunlarında azarkeşlərdən məhrum edilməyib. Deyilənlər bizə əsas verir ki, təkrar olaraq apellyasiya şikayəti verək və ilin son ev oyununda azarkeşlərin iştirak etməsini təmin etməyə çalışaq.
 
Azarkeşsiz keçirilən oyunun canlı yayımlanmasına klub tərəfindən icazə verilməməsini necə izah etmək olar?
 
Bildirildiyi kimi, İntizam komitəsinin çıxardığı qərara “Xəzər Lənkəran” Futbol Klubu olaraq etiraz edirik. Müxtəlif klublara aid müxtəlif qərarların verilməsi açıq aşkar ikili standart nümunəsidir. Oyunun azarkeşsiz keçirilməsinə nail olmaqla bəzi dairələr həm də canlı yayımda bütün dünyaya “Xəzər Lənkəran”ın boş tribunalar qarşısında oynadığını nümayiş etdirmək istəyirdilər. Biz bunu qəbuledilməz hesab etməklə oyunun canlı yayımlanmasının əleyhinə çıxdıq.
 
Mirça Rednikin rəhbərlikdən şikayət etməsi barədə yazılanlar nə dərəcədə doğrudur?
 
Komandada olduğu dövr ərzində Mirça Rednikə rəhbərlik səviyyəsində tam olaraq etimad göstərilmişdi. Tranfer işlərində baş məşqçiyə klub tərəfindən tam azadlıq və kifayət qədər büdcə verilmişdi. Çalışdığı bir il yarım ərzində Rednikin otuza yaxın futbolçunun komandaya gətirilməsi bunun ən gözəl sübutudur. Yenə də qeyd edirəm ki, Rednik gedişində klub prezidenti ilə görüşüb və rəhbərliyə aid heç bir iradını bildirməyib. Həmçinin mətbautda son günlərdə məşqçinin guya klubdan təzminat istəməsi barədə şaiyələr yer alıb. Bu söz-söhbətlərin heç biri həqiqətə uyğun deyil.
 
“Xəzər Lənkəran” nə üçün AFFA-dan çəkinir?
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ictmai bir qurumdur. Ölkənin futbol təsərrüfatı məhz bu təşkilatın fəaliyyəti çərçivəsində idarə olunur. “Xəzər Lənkəran” da bu qurumun bir üzvüdür və AFFA bayrağı altında keçirilən yarışların iştirakçısıdır. Lakin burada klubun qurumdan hansısa asılılığı barədə söhbər gedə bilməz. Biz klub olaraq ölkə futbolunda baş verən mənfi hallara hər zaman müvafiq reaksiyamızı verməklə futbol adına ləkə gətirən amillərə etirazımızı bildimişik.
 
Xatırlayırsınızsa, 2006-cı ildə Azərbaycan Kubokunun “Xəzər Lənkəran” – “MKT-Araz” oyununda rəqib komandanın heyətində futbolçulara limiti pozmamaq xatirinə Azərbaycan pasportunun verilməsi faktı məhz bizim səylərimizi nəticəsində üzə çıxarıldı. Məhz “Xəzər Lənkəran”ın məsələyə müdaxiləsi sonradan ciddi olaraq bu cür halların qarşısının alınmasına gətirib çıxardı.
 
“Xəzər Lənkəran” qabaqlar xarici hakimlərin ölkə çempionatının idarə etməsi ideyasını dəstəkləyirdisə, bu mövsüm əksinə klub yerli hakimlərə güvəndiyini bildirdi. Çoxları deyir ki, bunun səbəbi “Neftçi”nin əcnəbi hakimlərin cağırılması təşəbbüsü ilə çıxış etməsidir. Bu doğrudurmu?
 
“Xəzər Lənkəran” ölkə çempionatda hakimlərin oyunları düzgün idarə etməsini ən çox tələb edən klublardan biridir. Müxtəlif illərdə klubumuza qarşı hakimlər tərəfindən edilən haqsızlıqlar dərhal öz cavabını alıb. Təəssüflər olsun ki, bu mövsümdə də hakim səhvlərinə tez-tez rast gəlirik. Lakin vacib olan səhvlə qərəz arasında fərqi görməkdir. Əvvəlki mövsümlərdə əcnəbi hakim tələb etməyimizin səbəbi qərəzli qərarların mövcudluğu idi. Hazırda isə hakimlərin düzgün qərar çıxarmamasında qərəzin rol oynadığını düşünmürük. Hakimlər Komitəsindən tələbimiz də odur ki, referilərin oyuna təyinatı zamanı onların nə dərəcədə bu və ya digər görüşü idarə edə biləcəklərini nəzərə alsınlar. Çünki oyun üçün hakimin seçilməsi çox vacib faktordur.
 
Ölkədə yetərincə gənc hakimlər var. Biz bugün əcnəbi hakimi dəvət edə bilərik, lakin gec-tez yerli hakimlərə ehtiyac duyulacaq, odur ki, onlara etimad göstərməməklə hakimliyin inkişafına bir növ əngəl törətmiş olarıq. Hazırda yetərincə gən hakimlərimiz var və əsas məsuliyyət o hakimlərin yüksək səviyyəli peşəkar olmasına cavabdehlik daşıyan şəxslərin üzərindədir. O ki qaldı, “Neftçi” klubunun mövqeyinə, biz istənilən mövqeyə hörmətlə yanaşırıq. Burada hər hansı prinsipial fikirdən söhbət gedə bilməz, bir çox məsələlər var ki, onlar barədə bu klubla fikirlərimiz tam üst-üstə də düşür.
 
Son vaxtlar “Xəzər Lənkəran”ın bəzi sayt və qəzetlərdə reklamını yığışdırması barədə xəbərlər eşidirik. Bunun səbəbi nədir?
 
“Xəzər Lənkəran” mətbuatla yüksək səviyyəli əməkdaşlıq quran ilk klubdur. Qəzetlərdə və internet saytlarında reklam yerləşdirmək ideyasını irəli sürməklə biz bu addımı ölkədə idman mətbuatının inkişafına hesablamışdıq. Əfsuslar olsun ki, hazırkı dövrdə elə hallar mövcuddur ki, hər hansı bir kütləvi informasiya vasitəsində reklam yerləşdirilməklə bunun əvəzinə sifariş xarakterli yazılar dərc etdirilir. Bundan əlavə, son dövrlərdə yalnız reklam xatirinə saytların yaradılması faktı da nəzərdən qaçmır. Məhz bütün bunları nəzərə almaqla “Xəzər Lənkəran” bir sıra qəzet və saytla reklam münasibətlərini dayandırdı. Yalnız bu əməkdaşlığa layiq olanlara münasibətləri davam etdiririk.
 
Qış fasiləsində hər hansı yeni futbolçularla müqavilə bağlanmasını gözləyəkmi?
 
Qış transfer pəncərəsində məşqçilər korpusu və rəhbərlik komandaya bir neçə futbolçunun gətirilməsi fikrindədir. Bütün ehtiyac olan mövqelərdə gücləndirmə aparılacaq, bura həmçinin qapıçı mövqeyi də aiddir. Əsas məqsəd odur ki, komandada istənilən mövqedə güclü rəqabətin olmasına nail olaq. Çalışacağıq ki, təlim-məşq toplanışında oyunçuların seçiminə vaxt sərf olunmasın və yeni futbolçular dərhal hazırlıq prosesinə qoşulsunlar.
 
Klubun idarəçiliyində nə üçün peşəkarlıq yoxdur? Nə üçün “Xəzər Lənkəran” futbolçularla peşəkar müqavilələr bağlamır?
 
“Xəzər Lənkəran” idarəçiliyin qurulması baxımdan ölkənin ən aparıcı klublarındandır. Azarkeşlərlə iş, reklam, marketinq və digər sahələrdə klubumuz ölkə futboluna bir çox yeniliklər gətirib. “Xəzər Lənkəran” ölkədə hər oyunda bilet satışından gəlir götürən yeganə komandadır. İlk dəfə olaraq məhz bizim klub mövsümlük abunə kartlarını satışa buraxmaqla daha bir gəlir mənbəsini əldə etdi. Əlbəttə, bu gəlir ümumi gəlirin o qədər də böyük hissəsini təşkil etmir, lakin bu yöndə artıq ciddi addım atılıb və gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün yaxşı təməl qoyulub. Bunları görə-görə klubun idarəçiliyində peşəkarlığın olmamasını söyləmək düzgün deyil.
 
Müqavilələrə gəldikdə, “Xəzər Lənkəran” Futbol Klubu futbolçularla münasibətləri rəsmiləşdirərkən AFFA-nın klublara təqdim etdiyi və beynəlxalq futbol qurumlarının tələblərini özündə əks etdirən standart müqavilə formalarından istifadə edir. Bu müqavilələr də Peşəkar Futbol Liqası tərəfindən təsdiqlənir və bir nüsxə PFL-da saxlanılır. Bütün şərtlər şəffaf şəkildə müqavilələrdə göstərilir. Odur ki, klub tərəfindən imzalanan müqavilələrlə bağlı narazılığı olanlar bu quruma müraciət edə bilərlər.
 
“Xəzər Lənkəran”ın yetirmələri nə üçün əsas heyətdə çıxış etmir?
 
2005-ci ildən etibarən “Xəzər Lənkəran”da uşaq məktəbi fəaliyyətə başladı. Hazırda əvəzedici heyətlə yanaşı klubda altı müxtəlif yaş qrupu fəaliyyət göstərir. Hər bir qrupda məşqçilər uşaqlarların hazırlığı ilə məşğul olaraq, onların bir qrupdan digər qrupuna keçidi prosesinə xüsusi əhəmiyyət verir. Müxtəlif qruplarda çıxış edən istedadlı yeniyetmələrin klubun bazasında yaşaması üçün şərait yaradılıb. Hazırda 17 yaşlılarımız ölkə çempionatında məğlubiyyətsiz irəliləyir və liderlər sırasındadır. Biz bu uşaqlara böyük ümidlər bağlayırıq, bir neçə ilə onlar artıq əsas komandaya xeyir verəcəklər. Hazırda onların inkişafı prosesi bizdən xüsusi diqqət tələb edir.
 
“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov çox nüfuzlu iş adamıdır və biznesin müxtəlif sahələrində onun uğur qazanmasının şahidi olmuşuq. Bəs nə üçün “Xəzər Lənkəran” belə uğursuz klubdur?
 
Maraqlıdır, “Xəzər Lənkəran”ın uğursuz klub olduğunu dedikdə nəyi nəzərdə tutursunuz? Klubun qısa müddətdə əldə etdiyi nailiyyətlər klubu uğursuz adlandırmağa əsas verirmi? Bircə onu demək kifayətdir ki, məhz “Xəzər Lənkəran”ın yaranması ilə ölkə futboluna bir canlanma gəldi, çempionata xüsusi maraq yarandı. Yeri gəlmişkən, bu canlanmanın, marağın yaranmasında klubun malik olduğu azarkeş kütləsi, yəni siz də rol oynadınız. Yarandığı 2004-cü ildə “Xəzər Lənkəran” öz otelində qərarlaşmaqla, artıq o dövr üçün ölkədə ən yaxşı şəraitə malik klub idi. 2005-ci ildə uşaq məktəbini yaratdıq, 2006-cı ildə ölkənin ən müasir stadionunu istifadəyə verdik, 2007-ci ildə yeni otel və baza kompleksinin açılışını etməklə yenə də infrastruktur baxımından öndə olduğumuzu nümayiş etdirdik.
 
Yeddi il ərzində bir dəfə ölkə çempionu olmaqla yanaşı, iki dəfə gümüş medala sahib olduq, üç dəfə Azərbaycan Kubokunu əldə etdik, bir dəfə də “Birlik Kuboku”nu Azərbaycana gətirdik. Marketinq, klub idarəçiliyi sahəsində bir çox ilklərə məhz “Xəzər Lənkəran” imza atdı. Bütün bunları xatırlatmaqla “Xəzər Lənkəran”ın nə dərəcədə uğurlu klub olduğu barədə faktlara əsasən qərar verin. Müəyyən dövrdə çətinlik yaşana bilər, lakin bu çətinliklər zamanı klub məhz azarkeşlərə arxalanır, azarkeşlər də öz növbəsində klubun nailiyyətlərini kölgə altına salmamalıdır.
 
Buradan bütün azarkeşlərə müraciət edib, bildirmək istəyirəm ki, bu gün “Xəzər Lənkəran”ın əleyhinə müəyyən qüvvələr tərəfindən planlı şəkildə iş aparılır. "Xəzər Lənkəran"ın illərboyu apardığı siyasət bəzi dairələri qane etmir. Belə bir halda azarkeşlərlə klubun bir olması çox vacibdir. Hazırda müxtəlif vasitələrlə klubumuza qarşı əks-təbliğat aparılır. Bunlardan birincisi bəzi jurnalistlərin əli ilə kluba qarşı əsassız yazıların mətbuatda yer almasıdır. Komandanın uğurlu nəticələr qazandığı və ilk pillədə getdiyi zamanda belə sistemli şəkildə mətbuatda klub əsassız olaraq tənqid olunur.
 
İkincisi, azarkeşlər arasında təxribatçı şəxslərdən istifadə olunmasıdır ki, onlar oyunlar zamanı asayişi pozmaqla kluba ziyan verirlər və ölkənin ən fəal azarkeşi olan “Xəzər Lənkəran” tərəfdarının adına xələl gətirirlər.
 
Üçüncüsü, komandanın daxilində olan münasibətlərə müdaxilə cəhdləridir. Bəzi şəxslər komandada məşqçilər və oyunçular arasında problemlərin yaranmasında maraqlıdır ki, bu yolla komandanın nəticələrinə təsir etsinlər. Bu cəhdlər baş tutmadıqda belə onlar tərəfindən cəmiyyətdə müxtəlif həqiqətə uyğun olmayan məlumatlar yayılır ki, bunlar da “Xəzər Lənkəran”ın, onun futbolçuları və məşqçilərinin nüfuzdan salınmasına hesablanır.
 
Həmçinin bəzi klublar tərəfindən "Xəzər Lənkəran"ın futbolçuları ilə klubumuzun izni olmadan danışıqların aparılması, onları öz heyətlərinə cəlb etməsi cəhdlərindən də məlumatımız var və bu addımlar da komandanın heyətinin bütövlüyünə, göstərdiyi oyuna birbaşa təsir vasitəsidir.
 
Biz bu cür təxribatların qarşısını almaq üçün daim əlimizdən gələni edəcəyik və bu işdə “Xəzər Lənkəran” azarkeşlərinə arxalanırıq.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.