Axtarış
Video
"Xəzər Lənkəran" 3:2 "Neftçi" (Matçın geniş icmalı)
 
Fotoreportaj
"İnter" - "Xəzər Lənkəran" 2:0
İcmal
"Xəzər Lənkəran" 0:1 "Qəbələ" (Matçın geniş icmalı)
Onlayn TV
tv
aquavita_logo
Sorğu
 
"Rəvan"la oyunun ən yaxşısı:
14%
3%
3%
3%
25%
3%
3%
40%
6%
6%

E-mail Forgot password?


 


Prinsiplərimiz


PalHaber

Netty Winner 2010
Google Plus
 
 

”Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

"Xəzər Lənkəran" Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov edilən son dəyişikliklər və çempionatın başlanması ərəfəsində komandanın ümumi durumu barədə sualları rəsmi sayta verdiyi müsahibədə cavablandırdı.
 
Komandada baş verən dəyişiklikləri necə xarakterizə edirsiniz?
 
Bildiyiniz kimi “Xəzər Lənkəran” evdə İsrailin “Makkabi” klubu ilə qolsuz heç-heçə etdi və iki oyunun nəticəsinə görə Avropa Liqasında mübarizəni dayandırdı. Həmin qarşılaşmadan dərhal sonra rəhbərliyin iclası keçirildi və klubun yeni strategiyasının qəbul olunması barədə qərar verildi. Bu qərar rəsmi bəyanatda da öz əksini tapdı. Yeni strategiya klubun legionerlərlə və gənclərlə iş prinsipində edilən dəyişiklikləri özündə əks etdirir.
 
Qərarın verilmə səbəbi yalnız adıçəkilən oyunda komandanın məğlub olmasıdır?
 
Öncə də bildirildiyi kimi, bu qərarın verilməsinə səbəb indiyədək əsas komandaya xərclənən vəsaitin müqabilində qazanılan nəticənin qənaətbəxş olmamasıdır. Qərar bir anın içində verilməyib. Bu mövqe klub rəhbərliyi tərəfindən müəyyən bir müddət öncə formalaşdırılıb. Ölkədaxili yarışlar nə qədər vacib olsa da, qitə miqyaslı oyunların əhəmiyyəti daha yüksəkdir. Demək olar ki, hər mövsüm çempionat və kubok çərçivəsində baş verən xoşagəlməz halları yalnız avrokuboklarda yüksək səviyyəli çıxış unutdura bilər, və buna nail olmadıqda artıq bir qədər sərt addımlar atmaq lazım olur.
 
Bəyanatda bütün legionerlərin komandadan kənarlaşdırldığı bildirilir, lakin hazırda əksər əcnəbi futbolçular düşərgədədir.
 
Bəli, hazırda legioner futbolçular komandanın düşərgəsindədir. Onların hər birinin klubla müqaviləsi var. Hal-hazırda futbolçuların statusu barədə danışıqlar gedir. Oyunçuların transferə çıxarılması və ya onlara azad agent statusunun verilməsi mümkündür. Burada artıq konkret yaranmış duruma görə addımlar atılacaq, o şərtlə ki, tərəflər arasında narazılıq yaranmasın.
 
Premyer-liqanın iştirak ərizəsinə legioner futbolçuların salınması nəzərdə tutulubmu?
 
Nəzərdə tutulub. Bir çoxları heyətdə legionerlərin qalmasını klubun verdiyi qərardan vaz keçməsi kimi qələmə verir. Lakin bu tamamilə yanlış fikirdir. Verilən qərar olduğu kimi qüvvədə qalır. Əgər rəhbərlik səviyyəsində yeni strategiyanın tətbiq olunması bəyan olunursa, deməli bu strategiya şübhəsiz həyata keçiriləcək.
 
Klubun bəyanatında planların ümumi məzmunu barədə məlumat verilsə də, həyata keçirilmə proseduru orada əksini tapmamışdı. Bu da qərarın oyundan cəmi bir neçə saat sonra verildiyindən irəli gəlir. Hazırda isə bu prosedurun mexanizmi razılaşdırılıb və işlərin mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun sayılıb. Yəni, legionerlərin ümumi sayı tədricən azaldılacaq. Məsələn, onu deyə bilərəm ki, komandaya Avropa Liqası öncəsi gələn futbolçulardan yalnız Bonfim, Onofraş və Rikardonun heyətdə saxlanılması gözlənilir.
 
Əlbəttə, klubun transfer siyasətində də dəyişikliklər olacaq. Əcnəbi futbolçuların komandaya dəvət olnuması yeni prinsiplərə əsaslanacaq. Zaman keçdikcə hər kəs görülən işlərin şahidi ola bilər.
 
Yeni strategiyada əsas diqqətin yerli futbolçuların inkişafına ayırılacağı qeyd olunur. Bu istiqamətdə hər hansı işlər aparılıbmı?
 
Yeni mövsüm öncəsi komandanın idman direktoru vəzifəsinə Cüneyt Biçər təyin olundu. Aşağı yaş qruplarına rəhbərliyi həyata keçirəcək bu mütəxəssis öz proqramını ətraflı şəkildə bizə təqdim edib. Bütün çatışmazlıqların xırda detallara kimi artıq müzakirə olunduğunu deyə bilərik. Biçər və onunla birgə komandaya gələn məşqçi heyəti Lənkəranda və ümumilikdə cənub bölgəsində istedadların aşkar olunması və inkişaf etdirilməsi işini üzərinə götürüb. Biz isə klub olaraq bu mütəxəssislərə lazımi şəraiti yaradacağıq. Aşağı yaş qruplarının maliyyələşməsində də dəyişikliklərin olması vacibdir. Bu barədə artıq lazımi şəxslərə bütün tapşırıqlar verilib.
 
Son bir həftə ərzində mətbuatda “Xəzər Lənkəran”ın baş məşqçisi barədə çoxlu sayda bir-birinə zidd məlumatlar yayılıb. Buna münasibətinizi öyrənmək istərdik.
 
Mirça Rednikin və məşqçilər korpusunun digər üzvlərinin komandadan ayrılması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Klub rəhbərliyi ötən mövsümün sonunda baş məşqçinin işini müsbət dəyərləndirmişdi və növbəti mövsümdə də komandanın sükanı arxasına Rednikin qalacağını bildirmişdi. Əlbəttə, yeni strategiya ilə bağlı verilən qərardan sonra baş məqçi ilə görüş keçirildi, və onun da fikirləri dinlənildi. Əminliklə söyləyə bilərəm ki, onun baxışı ilə bizim baxışımız arasında heç bir ziddiyyət yoxdur.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.