"Fırtınalar meydanı"nda möhtəşəm qələbə

Ölkə çempionatında "İnter"lə qarşılaşan "Xəzər-Lənkəran" paytaxt klubu üzərində qələbə qazanaraq, rəqiblə xallarını bərabərləşdirdi. Qeyd edək ki, bu, ölkə çempionatlarında "Xəzər-Lənkəran"ın "İnter" üzərində ilk qələbəsi kimi tarixə düşdü. Ağasəlim Mircavadov meydançaya aşağıdakı "on birliyi" çıxarmışdı: Dmitri Kramarenko - Radomir Todorov, Mahir Şükürov, Denis Silva Kruz, Fizuli Məmmədov - Ruslan Poladov, Dieqo Qusmao, Elmar Baxşıyev (k), Rahid Əmirquliyev, Mario Souza - Zaur Ramazanov. Matç komandamız üçün uğursuz başladı. "İnter" gözlənilmədən hücumlara keçdi. Xəqani Məmmədovun zərbəsi görüşdəki ilk təhlükəli hücum kimi yadda qaldı. 15-ci dəqiqədə isə hesab açıldı. Quqlemon topu Kramarenkonun qoruduğu qapıdan keçirdi və "İnter" hesabda irəli çıxdı. Komandamızın hücum qurmaqda çətinlik çəkdiyini görən Ağasəlim Mircavadov birinci hissənin başa çatmasına 15 dəqiqə qalmış Rəşad Abdullayevi meydançaya buraxdı. Yarımmüdafiəçinin oyuna daxil olmasıyla, matçın senarisi dəyişdi. Artıq hücum edən tərəf "Xəzər-Lənkəran", müdafiə olunan isə "İnter" oldu. Kəsərli hücumlarımız 45-ci dəqiqədə məntiqi sonluğunu tapdı. Məhz Rəşad Abdullayevin ötürməsindən sonra Rahid Əmirquliyev topu tora göndərdi. İkinci tayma komandamız olduqca aktiv başladı. Xüsusilə Dieqo - Souza - Rəşad Abdullayev triosu hücumlarda əsas rolu oynayırdılar. 70-ci dəqiqədə "fırtınalar meydanı" daha bir qola sevindi. Bu dəfə də Rəşad Abdullayev ötürmə ilə Mario Souzanı tapdı. Braziliyalı rəqib müdafiəsini çaş-baş salaraq, fantastik zərbə ilə topu uzaq "doqquzluğa" göndərdi. Qol "Xəzər Lənkəran Mərkəzi Stadionu"nda möhtəşəm atmosfer yaratdı. On mindən artıq azarkeşin dəstəyi ilə komandamız hücumlarını davam etdirdi və matçda son sözü oyunun qəhrəmanı Rəşad Abdullayev dedi. Bu dəfə Mario Souza yarımmüdafiəçini zərbə mövqeyinə çıxardı və futbolçu topu qapıçının başı üzərindən tora qovuşdurdu. Görüşdə son təhlükəli epizodu sabiq "Xəzər-Lənkəran"lı yaratdı. Mahmud Qurbanov topa gözəl zərbə endirsə də, qapı dirəyi hesab arasındakı fərqin minimuma enməsinə imkan vermədi və "Xəzər-Lənkəran" "fırtınalar meydanı"nda möhtəşəm qələbəyə imza atdı.
Gamidov Studio
Müəllif hüquqları qorunur.
Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə www.lankaranfc.com-a hiperkeçid qoyulmalıdır.